Biz necə görürük?

Obyektdən əks olunan işıq şuaları buynuz qişada sınaraq gözə daxil olur. Bundan sonra büllurda ikinci dəfə sınaraq gözün arxa divarında yerləşən və sinir liflərindən ibarət olan retinada toplanır.

Nəticədə burada tərs xəyal əmələ gəlir. Əmələ gələn görüntü görmə siniri vasitəsilə beyinə nəql olunur və düzgün görməyə çevrilir.

Katarakta nədir?

Katarakta gözün təbii büllurunun bulanması deməkdir. Yaşa dolduqca büllurun tədricən şəffaflığını itirməsi işıq şualarının keçməsini zəiflədir və bunun da nəticəsi olaraq görmə pozulur. Bu halda xəstələr əşyaları pərdə arxasından görürlər.

Katarakta əməliyyatı nədir?

Bulanmış büllur ultrasəs dalğaları ilə işləyən xüsusi cihaz (fakoemulsifikator) vasitəsilə parçalanaraq gözdən xaric edilir. Cərrahiyyə zamanı büllurun ön möhtəviyyatı boşaldılaraq kataraktadan təmizlənir.

İntraokulyar linza (İOL) nədir?

Katarakta əməliyyatı zamanı bulanmış büllur çıxarılaraq süni büllurla əvəz olunur ki, bunun da nəticəsi olaraq xəstənin görmə qabiliyyəti yaxşılaşır. Bu süni büllur intraokulyar linza (İOL) adlanır. 

Yaxın zamanlara qədər katarakta əməliyyatı zamanı yalnız uzağı görməni təmin edən monofokal linzalardan istifadə olunurdu. Yeni nəsil multifokal linzalar isə həm uzaq məsafəni, həm orta məsafəni, həm də yaxın məsafəni görməyə imkan verir.

Nədən sarı linza?

Sarı linzalar mavi işığı filtrləyərək torlu qişanı günəşin zərərli şualarından daha yaxşı qoruyurlar. Bu xüsusiyyət ciddi retina xəstəliyi olan yaşa bağlı makula distrofiyası riskini azaldır.